İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransı məsləhətləşmələrin, dialoqun və qardaş xalqlar arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey deyib.
O qeyd edib ki, parlament üzvləri arasında əməkdaşlığın inkişafı İslam ölkələri arasında həmrəylik mexanizmlərinin möhkəmləndirilməsinə və ortaq mövqenin formalaşdırılmasına mühüm töhfə verə bilər. “Müsəlman dünyası iman, həmrəylik, ədalət və sülh kimi ümumbəşəri dəyərlər ətrafında birləşib. Bu konfrans isə İslamın fundamental dəyərlərinin təşviqi, fikir mübadiləsi və məsləhətləşmələr üçün mühüm platformadır”, - deyə sədr bildirib.
Cinqarey vurğulayıb ki, dünyada gərginliyin artdığı, münaqişələrin genişləndiyi və beynəlxalq münasibətlərin həssas mərhələyə qədəm qoyduğu bir dövrdə İslamın sülh, dialoq və qarşılıqlı anlaşma prinsiplərinin təşviqi xüsusi əhəmiyyət kəsb edir. Dialoq, ədalət və qarşılıqlı hörmət davamlı sülhün təmin olunmasının əsas şərtləridir.
Global Art