Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarixi köklərə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan möhkəm qardaşlıq ənənələri ilə səciyyələnir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimada əsaslanan siyasi dialoq bu əlaqələri yeni, strateji mərhələyə yüksəldib. Elm, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində əməkdaşlıq isə bu strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini dosent Əlimuxtar Muxtarov bildirib.
O qeyd edib ki, Azərbaycan poeziyasının dühası Nizami Gəncəvi ilə özbək klassik ədəbiyyatının böyük nümayəndəsi Əlişir Nəvai irsi iki qardaş xalqı birləşdirən mühüm mənəvi amillərdəndir. Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Özbəkistanda böyük ehtiramla yad edilməsinin dərin tarixi əsasları vardır. Əlişir Nəvainin Nizami Gəncəvini özünün böyük ustadı hesab etməsi və onun yaradıcılığına yüksək qiymət verməsi Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin qədimliyini və ardıcıllığını nümayiş etdirir. Özbək ədəbiyyatında Nizami Gəncəvi ənənələrinin davam etdirilməsi, onun “Xəmsə”sinin tərcümə və tədqiq olunması bu mənəvi bağlılığın sonrakı əsrlərdə də yaşadığını göstərir. Bu baxımdan Nizami ilə Nəvai yaradıcılığı yalnız iki böyük sənətkarın ədəbi irsinin qarşılaşdırılması deyil, Azərbaycan və Özbəkistan xalqlarının ortaq mənəvi yaddaşının mühüm tərkib hissəsidir. Azərbaycan–Özbəkistan münasibətlərinin müasir mərhələsində Nizami Gəncəvi amili dövlət siyasətinin mədəni-humanitar istiqaməti ilə üzvi şəkildə əlaqələnib.