Parisdəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) və “Little Artists” Rəssamlıq Məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə məktəbin 39-cu “Paris Art Shopping” beynəlxalq incəsənət sərgisində iştirak edən 53 gənc rəssamının əsərləri nümayiş olunub. Vətən sevgisini, milli-mədəni dəyərləri, təbiətin gözəlliklərini və uşaqların zəngin təxəyyülünü əks etdirən rəsmlər ziyarətçilərin böyük marağına səbəb olub.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, azərbaycanlı kiçik rəssamların yaradıcılıq işlərini görməkdən məmnunluğunu ifadə edib.
“Azərbaycanlı kiçik rəssamların Luvr muzeyinin Karusel zalında təşkil olunan 39-cu “Art Shopping” beynəlxalq sərgisində iştirakı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu, balaca rəssamlarımızın Parisdə keçirilən sərgidə ikinci iştirakıdır.
Uşaqlarımızın istedadını, yaradıcılıq qabiliyyətlərini və incəsənətə marağını görmək böyük sevinc doğurur. Onların əsərləri Azərbaycan mədəniyyətini, milli dəyərlərimizi və zəngin yaradıcılıq dünyasını nümayiş etdirir”, – deyə səfir bildirib, balaca rəssamları təbrik edərək onlara uğurlar arzulayıb.
Sonra Leyla Abdullayeva və “Little Artists” Rəssamlıq Məktəbinin rəhbəri Nigar Seyid uşaqlara sertifikatlar təqdim ediblər.
Tədbir çərçivəsində “Barefoot Club by Jahan” tərəfindən uşaqlar üçün təşkil olunan mədəniyyət proqramı da maraqla qarşılanıb. Balacalar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası əsasında hazırlanmış səhnəcik nümayiş etdiriblər. Azərbaycan, ingilis və fransız dillərində təqdim olunan tamaşa uşaqların həm yaradıcılıq qabiliyyətlərini, həm də xarici dil bacarıqlarını nümayiş etdirib və alqışlarla qarşılanıb.
2019-cu ildən fəaliyyət göstərən “Little Artists” Rəssamlıq Məktəbi uşaqların yaradıcılıq potensialının inkişafına, incəsənətə marağının artırılmasına və onların beynəlxalq platformalarda təmsil olunmasına töhfə verir. Məktəb hər il müxtəlif beynəlxalq sərgi və layihələrdə iştirak edir.
Ötən il Parisdə keçirilən “Art Shopping Paris” beynəlxalq incəsənət sərgisində Azərbaycanı təmsil edən məktəb bu il də həmin tədbirə qatılaraq, balaca rəssamların əsərlərini beynəlxalq auditoriyaya təqdim edib.