Azərbaycan postmünaqişə dövründə prinsipial və məsuliyyətli mövqe nümayiş etdirərək sülh gündəliyinə sadiq qaldı. Ölkəmiz regionda davamlı sülhün təmin olunmasına yönəlmiş yanaşmanı seçdi və bu prosesin konseptual əsaslarının formalaşdırılmasında fəal rol oynadı.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qaya Məmmədov BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi ardıcıl diplomatik fəaliyyət nəticəsində ötən ilin avqustunda Vaşinqtonda mühüm və tarixi mərhələyə nail olunub.
"Sülh prosesinin növbəti vacib mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu məsələnin zəruriliyi ilə bağlı Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini açıqlayıb və bunun davamlı sülh üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb".
Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti referendum yolu ilə Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və bunu hüquqi müstəvidə rəsmiləşdirməlidir.
"Yalnız bu halda regionda uzunmüddətli sülhün, qarşılıqlı etimadın və normallaşma prosesinin möhkəm əsasları formalaşa bilər", - deyə Q.Məmmədov bildirib.
Global Art