Global Art
XəBəRLəR

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məktəblilər tərəfindən hazırlanmış maketlərə baxıblar.

Rəsmi hissədə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tarixdə silinməz iz qoyub.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış ağır ictimai-siyasi və iqtisadi böhran, eləcə də Ermənistanın hərbi təcavüzü fonunda dövlət müstəqilliyi ciddi təhlükə ilə üzləşmişdi. Məhz 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi üçün yeni mərhələ başlayıb.

“Həmin dövrdə siyasi sabitliyin bərpası, hüquqi və demokratik dövlət quruculuğunun əsaslarının formalaşdırılması, həmçinin gələcəyə inamın gücləndirilməsi təmin olunub. Balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə T.Budaqov vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər – Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, professor, “91-lər”in nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev, YAP Veteranlar Şurasının üzvü Vahid Novruzov və Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Heydər Əliyevin xilaskarlıq missiyasından və ölkənin inkişaf yolundan danışıblar.

Daha sonra YAP Himni səsləndirilib, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin fəal üzvlər fəxri fərmanlarla təltif olunublar.

Tədbir tanınmış ifaçıların iştirakı ilə vətənpərvərlik mövzusunda musiqi nömrələri və rəqs kompozisiyalarından ibarət bədii proqramla davam etdirilib.

Global Art

Daha çox