Global Art
XəBəRLəR

Ruhun yay pıçıltısı: Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi

Ruhun yay pıçıltısı: Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi

Yay axşamında paytaxtın mədəniyyət səması musiqi və misraların ahəngi ilə işıqlandı. Musiqi və poeziya gecəsi sənətsevərlərə unudulmaz anlar yaşatdı.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 15-də Bakı Kitab Mərkəzində “Şəhərin yay günləri” adlı musiqi və poeziya gecəsi təşkil edilib.

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirib ki, bu məkanda adətən kitab təqdimatları və ya yaradıcılıq gecələri keçirilsə də, bu dəfə sadəcə xoş ovqat yaratmaq məqsədilə fərqli bir layihəyə imza atılıb. Yay günlərində paytaxt sakinlərinin və şəhərin qonaqlarının qəlbini oxşamaq üçün yalnız poeziya və gözəl Bakı haqqında nəğmələrin səsləndiriləcəyini deyən G.Rzayeva tədbirin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elmin İmanov çıxışında Bakı Kitab Mərkəzinin vətənpərvərlik ruhunun təbliği və mədəni irsimizin tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Şanlı Zəfərimizin altıncı ilində keçirilən bu cür tədbirlərin xüsusi rəmzi məna daşıdığını və mənəvi mühitə yeni ovqat qatdığını vurğulayan şöbə müdiri bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə mərkəzin birgə təşkil etdiyi layihələr, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin gənc nəslə aşılanmasında müstəsna rol oynayır. E.İmanov bu sənət ocağının gələcəkdə də fərqli və rəngarəng layihələrə ev sahibliyi edəcəyinə inamını ifadə edib.

Tədbirin ən yaddaqalan məqamlarından biri Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun çıxışı olub. Dirijor Təranə Yusifovanın bədii rəhbərliyi ilə təqdim olunan musiqi proqramında kollektiv “Bakı haqqında mahnı”, “Üzüyümün qaşı firuzədəndir”, “Bakı qızları”, “Aləm oyansın”, “Güllər” və “Azərbaycan” əsərlərini məharətlə səsləndirib.

Gecənin poeziya bölməsi də tamaşaçıların zövqünü oxşayıb. Azərbaycan Yazıçılar Birliyinin katibləri Səlim Babullaoğlu və İlqar Fəhmi milli poeziyamızdan seçilmiş şeirləri oxuyublar.

Ardınca Xalq artisti Mehriban Zəki beynəlxalq müsabiqələr laureatı, pianoçu Vurğun Vəkilovun müşayiəti ilə görkəmli şair Vaqif Səmədoğlunun lirik dünyasından parçaları təqdim edib.

Musiqi və poeziya axşamı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin dahi bəstəkar Tofiq Quliyevin ölməz vals sədaları altında hazırladıqları zərif rəqs kompozisiyası ilə yekunlaşıb.

Yay ab-havasını musiqi, poeziya və rəqsin möhtəşəm harmoniyası ilə yaşadan bu xüsusi gecə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Global Art

Daha çox