Azərbaycan COP29 Sədrliyindən sonra da beynəlxalq iqlim diplomatiyasında fəal rolunu uğurla davam etdirir. Artıq üçüncü ildir təşkil olunan, dayanıqlı beynəlxalq platformaya çevrilmiş və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində danışıqlar qruplarının sədrlərini, eləcə də bir sıra Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbər iqlim danışıqçılarını bir araya gətirən Şamaxı Toplantısı bunun bariz nümunəsidir. Toplantı iqlim danışıqlarının mühüm qeyri-rəsmi platformalarından biri kimi COP prosesinə mühüm töhfə verməkdə davam edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, toplantı iqlim dəyişikliyi sahəsində il ərzində keçirilən nüfuzlu beynəlxalq tədbirlər sırasında özünəməxsus yer tutmağa başlayıb. Belə ki, ənənəvi olaraq illik iqlim diplomatiyası təqvimi Tokioda baş iqlim danışıqçılarının iştirakı ilə keçirilən “Yaponiya-Braziliya Dialoqu” ilə başlayır. Ardınca aprel-may aylarında nazirlər səviyyəsində təşkil olunan “Petersberq İqlim Dialoqu” (Berlin) və “Kopenhagen Nazirlər Görüşü” keçirilir. İyun ayında isə Bonnda UNFCCC-nin Yardımçı Orqanlarının yay sessiyaları baş tutur. Bonn Konfransından dərhal sonra isə adətən Avropa İttifaqı, Çin və Kanadanın birgə təşkil etdiyi “İqlim Fəaliyyəti üzrə Nazirlər Toplantısı” (MOCA) keçirilir. Bu kontekstdə artıq üçüncü ildir keçirilən Şamaxı Toplantısı Bonn sessiyası ilə Pre-COP arasındakı dövrdə iqlim danışıqları təqvimində yaranan boşluğu dolduran mühüm platforma kimi formalaşıb. Toplantının Yardımçı Orqanların yay sessiyasının bitməsindən təxminən bir ay sonra keçirilməsi Bonnda əldə olunan nəticələrin irəli aparılmasına, mövcud fikir ayrılıqlarının konstruktiv və səmimi dialoq vasitəsilə yaxınlaşdırılmasına və tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Toplantının qeyri-rəsmi formatda və açıq müzakirə mühitində təşkili iştirakçı dövlətlərə mövqelərini daha sərbəst ifadə etmək, qarşılıqlı anlayışı gücləndirmək və mümkün kompromis istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.
Global Art