Global Art
XəBəRLəR

Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb

Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb

İyulun 22-23-də Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə üçüncü qeyri-rəsmi Şamaxı Toplantısı keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib.

Şamaxı Toplantısının mövzusu da əvvəlki illərdə olduğu kimi, iqlim danışıqlarının gündəliyində duran əsas istiqamətlərə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazlarının azaldılması mövzularına, eləcə də COP31 Sədrliyinin fəaliyyət gündəliyinə, habelə COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belem 1.5 Missiyası”na fokuslanıb.

Toplantıda UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında Bonn şəhərində keçirilmiş 64-cü sessiyasının nəticələri, həmin müzakirələr zamanı qarşıya çıxan əsas çətinliklərin aradan qaldırılması yolları, eləcə də bu məsələlərin Türkiyədə keçiriləcək COP31 çərçivəsində qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Toplantının açılış və bağlanış mərasimlərində Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank, eləcə də COP31-in danışıqlar üzrə Prezidentinin müavini Salli Boks çıxış ediblər. Açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Baş icraçı direktoru, Braziliyanın Ətraf mühit və İqlim dəyişikliyi Nazirliyinin Milli Katibi Ana Toninin videomüraciətləri nümayiş etdirilib.

Qeyd edək ki, COP prosesinin illik təqvimi çərçivəsində mühüm tədbirlərdən birinə çevrilən Şamaxı Toplantısının formatının unikallığı tədbirdə iştirak edən iqlim danışıqçılarının qeyri-rəsmi mühitdə açıq, şəffaf və nəticəyönümlü fikir mübadiləsi aparmasına şərait yaradılmasıdır. Bu vasitə ilə qarşıdan gələn COP-da qəbul edilməsi nəzərdə tutulan qərarların razılaşdırılmasında ortaya çıxan problemlərin daha çevik həllinə imkan yaranmış olur.

Tədbir iştirakçıları Şamaxı Toplantısının ənənəvi platformaya çevrilməsinə dəstək ifadə edib və 2027-ci ildə keçiriləcək COP32-nin ev sahibi qismində Efiopiya nümayəndə heyəti növbəti ilin iyulunda Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısının təşkilinə hazır olduqlarını bildiriblər.

Global Art

Daha çox