Azərbaycan-Belarus münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Baş nazirin müavini Samir Şərifov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində və əldə olunmuş razılaşmaların icrasının təmin edilməsində mühüm rol oynayır.
“Qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon dollara çatıb”, - deyə o qeyd edib.
S.Şərifov Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib: “Bu platforma Azərbaycan məhsullarının Belarus bazarında təşviqinə, ixracın genişlənməsinə və biznes əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir”.
Global Art