Global Art
XəBəRLəR

“Sea Breeze Walk of fame” Şöhrət Xiyabanında EDIS və Emre Altuğun adına olan ulduzların açılışı olub

“Sea Breeze Walk of fame” Şöhrət Xiyabanında EDIS və Emre Altuğun adına olan ulduzların açılışı olub

“Sea Breeze RESORT” istirahət mərkəzinin “Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanında türk sənətçiləri EDIS və Emre Altuğun adına olan yeni ulduzların açılış mərasimi keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu məşhur ifaçıların adları qlobal yaradıcılıq sənayesinin inkişafına mühüm töhfələr vermiş görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün yaradılan məkan - “Şöhrət Xiyabanı”nı simvolik olaraq tamamlayıb.

Mərasimdə sənətçilərin özləri iştirak edib, onlar jurnalistlər və çoxsaylı pərəstişkarları ilə ünsiyyət qurublar, Azərbaycanda olduqları ilə bağlı təəssüratlarını bölüşüblər.

EDIS qeyd edib ki, Bakıya həmişə sevinclə gəlir. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı hər səfərində onu yeni görkəmdə qarşılayır, atmosferi, müasir görünüşü və qonaqpərvərliyi ilə onu daim təəccübləndirir. “Sea Breeze” onda xüsusi heyranlıq doğurub. Sənətçi etiraf edib ki, o ildən-ilə böyüyür və gözəlləşir, istirahət və beynəlxalq musiqi tədbirlərinin keçirilməsi üçün ən təsiredici məkanlardan birinə çevrilir.

EDIS türk müğənnisi və bəstəkarı, müasir türk pop səhnəsinin ən görkəmli simalarından biridir. Londonda anadan olub, İzmirdə böyüyüb, musiqi karyerasına isə 2010-cu illərdə başlayıb.

“Benim Ol”, “Dudak”, “Çok Çok”, “Martılar” və “Arıyorum” kompozisiyaları sənətçiyə geniş şöhrət gətirdi. Bu gün EDİS müasir səs, canlı səhnə şouları ilə tanınır və yeni nəsil türk pop musiqisinin əsas nümayəndələrindən biri hesab olunur.

Emre Altuğ türkiyəli müğənni, aktyor və mahnı müəllifidir. Teatr təhsili aldıqdan sonra özünü eyni zamanda bir neçə yaradıcı istiqamətdə - musiqi, kino və televiziyada uğurla sınayıb. Musiqi karyerası 1990-cı illərdə başladı. Bu müddət ərzində sənətçi bir neçə studiya albomu buraxdı və türk estradasının ən tanınmış sənətçilərindən biri oldu.

Qeyd edək ki, “Sea Breeze Walk of Fame” Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli simalarının şərəfinə yaradılmış ilk və yeganə Şöhrət Xiyabanıdır. Bu gün burada Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafazadə və bir çox başqaları da daxil olmaqla 28 görkəmli şəxsiyyətin adı əbədiləşdirilib. Ulduz kolleksiyası yaradıcılığı dünya mədəniyyəti tarixində əhəmiyyətli iz buraxmış şəxsləri bir araya gətirərək artmaqda davam edir.

Global Art

Daha çox