Global Art
XəBəRLəR

SOCAR-ın şöbə rəisi: “Yüksəliş” təkcə müsabiqə deyil, peşəkar inkişaf platformasıdır

SOCAR-ın şöbə rəisi: “Yüksəliş” təkcə müsabiqə deyil, peşəkar inkişaf platformasıdır

İdarəetmə bacarığı, liderlik potensialı və intellektual hazırlığı ilə seçilən peşəkarların üzə çıxarılması, ölkədə perspektivli idarəçi kadr ehtiyatının formalaşdırılması məqsədilə keçirilən “Yüksəliş” müsabiqəsi bu gün minlərlə insanın inkişaf platformasına çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunmuş müsabiqənin qalibləri birillik mentorluq proqramında iştirak etmək, həmçinin fərdi inkişaf üçün 20 min manat məbləğində pul mükafatı qazanmaq imkanı əldə edirlər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, AZƏRTAC altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə videoreportajlara başlayır. Layihənin ilk qonağı müsabiqənin qalibi, SOCAR-ın Korporativ idarəetmə departamentinin şöbə rəisi Faiq Xasayevdir. Onunla müsabiqəyə aparan yol, hazırlıq prosesi və qazandığı uğurun yaratdığı yeni hədəflər barədə söhbətləşdik.

– Necə oldu ki, “Yüksəliş” müsabiqəsində iştirak etmək qərarına gəldiniz?

– Bir gün xəbərlərdə gördüm ki, dövlətimizin başçısının Sərəncamı ilə belə bir müsabiqə təsis olunub. “Yüksəliş” insanların rəhbərlik bacarıqlarını, düşüncə tərzini yoxlayan və qalibləri müəyyən edən yarışmadır. Mən müsabiqənin birinci ilində qalib gələn və finala çıxan bir neçə şəxslə əvvəldən tanış idim və onların qələbəsi məni inandırdı ki, yarışma həm çox maraqlı, həm də çox obyektiv keçir və həqiqətən layiqli insanlar qalib olur. Buna görə də növbəti mövsümdə iştirak etmək qərarına gəldim.

– Hazırlıq prosesində sizin üçün ən çətin məqam nə oldu?

– Mənim üçün ən böyük sual nəyə hazırlaşmalı olduğumu müəyyənləşdirmək idi. İlkin mərhələlər məntiq, dünyagörüşü və riyazi biliklərə əsaslanır. Lakin növbəti mərhələlərdə artıq şəxsi təcrübə, improvizasiya və fərqli yanaşmalar ön plana çıxır. Ən çətin tərəf də məhz buna hazır olmaq idi.

– “Yüksəliş” müsabiqəsində uğur qazanmağınıza ən çox hansı bilik və bacarığınız kömək etdi?

– Final mərhələlərində anlayırsan ki, həyatın boyu öyrəndiyin hər şey hansısa məqamda işinə yaraya bilər. Uşaqlıqda oxuduğun kitablar, izlədiyin filmlər, hətta maraq göstərdiyin idman növləri belə müəyyən situasiyalarda sənə kömək edir. Əsas məsələ həmin bilikləri doğru zamanda tətbiq edə bilməkdir.

– Belə məsuliyyətli müsabiqədə həyəcanınızı necə idarə etdiniz?

– Özüm üçün xüsusi bir hazırlıq metodikası müəyyənləşdirmişdim. Məzuniyyətdə olduğum müddətdə bir həftə ərzində insanların az olduğu üzgüçülük hovuzuna gedirdim. Uşaqlıqdan su və üzgüçülük məni rahatlaşdırıb, özümü suda həmişə daha sakit və rahat hiss etmişəm. Bu, həyəcanımı idarə etməyə kömək edirdi.

Eyni zamanda, hazırlıq prosesində nümunəvi insan davranışlarını müşahidə etməyə çalışırdım. Kino həvəskarı olduğum üçün əvvəllər izlədiyim və yeni baxdığım bir sıra filmləri bir daha nəzərdən keçirdim. Onların arasında Azərbaycan kinosunun “Yol əhvalatı” və “Yeddi oğul istərəm” filmləri də var idi. Həmin filmlərdəki bəzi səhnələr insanın müxtəlif situasiyalarda necə davranmalı, yaxud necə davranmamalı olduğunu göstərirdi.

Final mərhələsinə çatanda hiss edirdim ki, həm bilik və təcrübə baxımından, həm də psixoloji cəhətdən hazıram. Üzgüçülük mənə sakitlik qazandırmışdı, izlədiyim filmlər isə müxtəlif situasiyalarda necə davranmalı olduğuma dair özünəinam yaratmışdı.

– Müsabiqənin qaliblərinə 20 min pul mükafatı təqdim edilir. Bu vəsaiti hansı istiqamətə yönəltməyi planlaşdırırsınız?

– Bu sual mənim üçün də maraqlıdır, çünki 20 min manatlıq mükafatı hansı istiqamətə yönəldəcəyimə tam qərar verməmişəm. Hesab edirəm ki, “Yüksəliş” müsabiqəsində iştirak edən və ya qalib olan insanlar üçün əsas məqsəd pul deyil. Amma etiraf edək ki, belə bir mükafat həm yaxşı motivasiyadır, həm də insanın inkişafına sərmayə qoyması üçün böyük imkandır.

İlk növbədə, uzun müddətdir maraq göstərdiyim bəzi onlayn təhsil proqramlarına qoşulmağı düşünürəm. Dünyanın aparıcı universitetlərinin təqdim etdiyi proqramlar var ki, onlar kifayət qədər maliyyə vəsaiti tələb edir. Düşünürəm ki, bu mükafatı ilk olaraq həmin proqramlarda iştirak etməyə və şəxsi inkişafıma yönəldəcəyəm. Sonrakı planlarımı isə zaman göstərəcək.

– Bütün bu prosesdən sonra sizin üçün “Yüksəliş” nə deməkdir?

– Mənim üçün “Yüksəliş” çox dəyərli bir hissdir. Bu müsabiqə oxşar düşüncə tərzinə, zəngin təcrübəyə və yüksək peşəkarlığa malik insanları bir araya gətirən platformadır. Məhz buna görə mən “Yüksəliş”ə ilk növbədə inkişaf və öyrənmə platforması kimi baxıram.

Həyatda həmişə bir devizim olub. Bir dostumun dediyi bir fikir yaddaşıma həkk olunub: “Əgər sən otaqdakı ən ağıllı insansansa, deməli, səhv otaqdasan”. “Yüksəliş” mənə bu fikrin nə qədər doğru olduğunu bir daha göstərdi. Burada eyni masada əyləşdiyin hər kəs ən azı sənin qədər bilikli, təcrübəli və bacarıqlıdır. Kiminsə təcrübəsi, kiminsə təhsili, kiminsə baxış bucağı səndən fərqlidir və daha zəngindir. Belə bir mühit isə insanı daim öz üzərində işləməyə sövq edir.

Hesab edirəm ki, “Yüksəliş” müsabiqəsinin qalibi olmaq Azərbaycan iş mühitində böyük uğurdur. Amma bu uğur, eyni zamanda, böyük məsuliyyətdir. Çünki bundan sonra səndən daha yüksək nəticələr, daha böyük uğurlar gözlənilir. Mən də istəyirəm ki, illər sonra fəaliyyətimlə bu qalibiyyətin təsadüfi olmadığını və “Yüksəliş”dən sonra da inkişafımı davam etdirdiyimi sübut edim.

Daha çox