IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən qeyd edib ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəngin mədəni irsini, tarixi yaddaşını və mənəvi birliyini təcəssüm etdirən mühüm məkandır. Türk Xəbər Agentlikləri Alyansının (ATNA) ilk addımlarını Şuşada atması və vacib müzakirələrin məhz burada keçirilməsi Alyansımızın gələcək fəaliyyəti üçün də mühüm mənəvi əsas yaradır. Bu gün qlobal informasiya məkanının sürətlə dəyişdiyini vurğulayan Vüqar Əliyev bildirib ki, yeni texnologiyalar, süni intellekt, sosial media platformaları və rəqəmsal kommunikasiya vasitələri xəbərin hazırlanması, yayılması və istehlakı prosesini tamamilə yeni mərhələyə çıxarıb. İnformasiya indi daha sürətlə yayılır, auditoriyanın xəbərə çıxış imkanları genişlənir. Eyni zamanda, xəbər agentliklərinin qarşısına yeni və mürəkkəb çağırışlar çıxır.
Vüqar Əliyev ATNA-nın bu məqsədə çatmaq üçün çox mühüm əməkdaşlıq platforması olduğunu vurğulayaraq deyib: “Alyans çərçivəsində xəbər, foto və videomaterialların mübadiləsinin genişləndirilməsi, birgə media layihələrinin hazırlanması, jurnalistlər üçün təlim və təcrübə proqramlarının keçirilməsi, texnoloji yeniliklərin paylaşılması qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilər”.
“Qazcontent” İdarə Heyətinin sədri, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) prezidenti Adil Seifullin bildirib ki, Türk dünyası təkcə ortaq tariximiz, dilimiz və mədəniyyətimiz deyil. Bu, həm də etimada, əməkdaşlığa və birgə inkişafa əsaslanan geniş bir məkandır. Bu gün Türk Xəbər Agentlikləri Alyansı regional əməkdaşlığın əsas platformalarından birinə çevrilib və burada irəli sürdüyümüz ideyalar konkret layihələr şəklində həyata keçirilir.
O qeyd edib ki, xalqlarımızı minilliklərə söykənən tarixi bağlar birləşdirir. Müasir reallıqlar isə ticarət, nəqliyyat, elm, təhsil və rəqəmsal texnologiyalar sahələrində yeni əməkdaşlıq imkanları yaradır. “Bu gün qarşımızda duran əsas vəzifə birgə səylərlə bu əməkdaşlığı real məzmunla zənginləşdirməkdir. Media sahəsində informasiya mübadiləsini gücləndirməli, ölkələrimiz haqqında xəbərləri birbaşa ilkin mənbədən əldə etməli və hər bir hadisəni məhz onun baş verdiyi ölkənin informasiya resurslarına istinadən işıqlandırmalıyıq. Bu yanaşma məlumatın operativliyini, dəqiqliyini və etibarlılığını artıracaq”, - deyə Adil Seifullin bildirib.
Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhanın sözlərinə görə, jurnalistika əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olur. Bu hadisələr çox vaxt müvəqqəti xarakter daşıyır. Hətta bəzən bir neçə gün əvvəl şahidi olduğumuz hadisələri belə tez unuduruq. Buna görə də peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır.
"İstər kitab nəşr etməklə, istər sənədli film hazırlamaqla, istərsə də digər vasitələrlə hadisələri sənədləşdirməli, onların həqiqi hekayəsini gələcək nəsillərə çatdırmalıyıq. Bu, xüsusilə şəhərlərin yenidən qurulması, tarixi abidələrin bərpası və onlarla bağlı xatirələrin qorunması baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
“Kabar” Xəbər Agentliyinin Baş redaktoru Nazgül Nurmanbetova Türk Xəbər Agentlikləri Alyansı üçün böyük perspektivlərin mövcud olduğunu deyib. O, həmçinin Alyans çərçivəsində qurulacaq tərəfdaşlıqların həm peşəkar təcrübə mübadiləsinə, həm də birgə media layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Nazgül Nurmanbetova qeyd edib ki, platforma çərçivəsində daha məhsuldar dialoqun aparılması, tərəfdaş agentliklərlə daha sıx işgüzar münasibətlərin qurulması vacibdir.
“Bundan sonra əməkdaşlığımız daha intensiv, səmərəli və yaxın xarakter alacaq. Əminəm ki, birgə səylərimiz nəticəsində informasiya mübadiləsi genişlənəcək, peşəkar əlaqələrimiz möhkəmlənəcək və ortaq məqsədlərimizə daha uğurla nail olacağıq”, - deyə Baş redaktor bildirib.
UzA xəbər agentliyinin Baş redaktor müavini Qayrat Xonnazarov vurğulayıb ki, qarşılıqlı etimad, operativ informasiya mübadiləsi və peşəkar həmrəylik dövlət xəbər agentlikləri arasında əməkdaşlığın əsas prinsiplərini təşkil etməlidir. “Bu baxımdan bugünkü iclasın gündəliyinə daxil edilmiş məsələlərin aktuallığını xüsusi vurğulamaq istərdim. Alyansa üzv agentliklər arasında informasiya mübadiləsinin gücləndirilməsi, birgə peşəkar layihələrin və tədbirlərin genişləndirilməsi təşkilatın institusional inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə və beynəlxalq informasiya məkanında nüfuzunun daha da artmasına mühüm töhfə verəcək”.
Türk Dövlətləri Təşkilatının nümayəndəsi Kunduz Rüstembekova isə qeyd edib ki, irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr, xüsusilə də Türk Xəbər Agentlikləri Alyansına (ATNA) agentliklər arasında birbaşa xəbər mübadiləsini təmin edəcək ortaq platformaların yaradılması, əməkdaşlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, bu platforma informasiya mübadiləsini daha operativ və səmərəli edəcək, üzv agentliklər arasında əlaqələri daha da möhkəmləndirəcək. “ATNA türk dövlətlərinin media məkanında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi üçün mühüm mexanizmlərdən biridir. Ümid edirəm ki, Alyans çərçivəsində bütün üzv agentliklərlə daha sıx, məhsuldar və uzunmüddətli əməkdaşlıq quracaq, birgə layihələr vasitəsilə ortaq informasiya məkanının inkişafına mühüm töhfə verəcəyik”, - deyə Kunduz Rüstembekova vurğulayıb.
Daha sonra iclasda Alyansın fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzv agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub. ATNA-nın Nizamnaməsinə təklif olunan dəyişikliklərə baxılıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin türk dövlətlərinin turizm və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək fotomüsabiqənin keçirilməsi ilə bağlı hazırlanan plan nəzərdən keçirilib. Bildirilib ki, belə təşəbbüslər üzv ölkələrin turizm potensialının və ortaq mədəni dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək.
Global Art