Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tariximizdə silinməz iz qoyub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbirdə çıxış edərək söyləyib.
O bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız öz tarixinin son dərəcə mürəkkəb və taleyüklü bir dövrünü yaşayırdı. Gündən-günə dərinləşən ictimai-siyasi böhran, sosial-iqtisadi tənəzzül və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda dövlət müstəqilliyimiz ciddi təhlükə altında idi. Məhz belə bir mürəkkəb şəraitdə, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələ başlandı.
"Ağır vəziyyətə düşmüş ölkədə siyasi sabitliyin bərpa edilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunun möhkəm təməllər üzərində formalaşdırılması, eləcə də gələcəyə inamın yenidən təmin olunması məhz həmin dövrdə mümkün oldu", - deyə YAP sədrinin müavini qeyd edib.
T.Budaqov vurğulayıb ki, milli maraqlara əsaslanan, balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və nüfuzlu tərəfdaşa çevrilməsini şərtləndirdi. Bu gün də həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan davamlı inkişaf yolunda yeni nailiyyətlər qazanır.
Global Art