Global Art
XəBəRLəR

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan

Azərbaycan Milli İncəsənət Muzeyi Bakı şəhəri, Niyazi küçəsi 11/9 ünvanında yerləşir. Bu il yaranmasının 90 ili tamam olan Muzey ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olmaqla yanaşı, Azərbaycanın zəngin incəsənət irsini qoruyan mühüm sənət məkanıdır. Muzeyin fondu “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” olmaqla altı əsas kolleksiyadan ibarətdir. Burada 18 mindən çox eksponat mühafizə olunur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, muzeydə Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əhatə edən rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Bununla yanaşı, ekspozisiyada Qərbi Avropa, rus və Şərq ölkələrinin incəsənətinə aid dəyərli əsərlər də yer alır. Xüsusilə muzeyin rus avanqardı və XVI–XX əsrlərə aid Qərbi Avropa rəssamlığı kolleksiyası ziyarətçilərin böyük marağına səbəb olur.

Muzey yalnız sərgi məkanı kimi deyil, həm də maarifləndirici və mədəni tədbirlərin keçirildiyi sənət mərkəzi kimi fəaliyyət göstərir. Burada ekspozisiyalar üzrə müxtəlif növ ekskursiyalar təşkil edilir. Həftənin çərşənbə günləri milli və dünya musiqisini əhatə edən konsert proqramları təqdim olunur. Həftəsonları isə uşaqlar üçün incəsənət tarixinə dair maarifləndirici və əyləncəli proqramlar keçirilir, həmçinin Azərbaycan incəsənətinə həsr olunan sənədli filmlər nümayiş etdirilir.

Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi binası özünəməxsus memarlıq üslubu ilə diqqət çəkir. Bu binalar 2013-cü ildə şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilib. Muzeyin yeni mərkəzi korpusunda isə müasir incəsənət sərgiləri və müxtəlif mədəni layihələr təşkil olunur.

Global Art

Daha çox