Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu və irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri ölkəmizin beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın regional əməkdaşlıq platformalarında iştirakı və təşəbbüskarlığı ölkəyə əlavə siyasi üstünlüklər qazandırır.
"Üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında Azərbaycan təbii olaraq aparıcı rol oynayan tərəflərdən biridir. Azərbaycanın və Türkiyənin iştirakı ilə formalaşan əməkdaşlıq mexanizmləri regionda sabitliyin və qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Ermənistan formatları regional inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə Topçubaşov Mərkəzinin direktoru vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il mayın 25-də keçirilən müşavirədə Azərbaycanın orta güc kimi tanındığını vurğulaması ölkənin bu istiqamətdəki strateji baxışını açıq şəkildə ortaya qoyub.
Global Art