“Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada səfərdə olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında təşkil edilən görüş və kitab təqdimatında iştirak edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Millət Kitabxanasının fonduna Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında, eləcə də Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr edilən 30-a yaxın elmi, publisistik kitablar təqdim olunub.
QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin Məlahət İbrahimqızı kitabxanaya, həmçinin Qərbi Azərbaycanın 1903-cü ildə Çar Rusiyası tərəfindən hazırlanan hərbi topoqrafik xəritəsini təqdim edib.
Təqdimat mərasimində Kitabxananın direktoru Ayhan Tuğlu və Türkiyə Prezidentinin Baş məsləhətçisi, Qarabağ problemləri ilə çoxsaylı elmi kitab və araşdırmaların müəllifi, professor Seyit Sərtçəlik və digərləri də iştirak ediblər.
Bununla da Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankara şəhərində keçirilən tədbirlər başa çatıb.
Global Art