ABŞ-nin paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Trans-Xəzər Forumu keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, forumda Azərbaycan, ABŞ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdən yüksəkvəzifəli rəsmilər, eləcə də regional və qlobal səviyyədə nüfuzlu nümayəndələr iştirak ediblər. Builki tədbir həm də Xəzər Siyasət Mərkəzinin fəaliyyətinin 10 illiyinə təsadüf edib.
Forum “Orta Dəhliz dönüş nöqtəsində: Trans-Xəzər regionu üçün gələcək nəslin inkişafı” mövzusu altında təşkil olunub.
Xəzər Siyasət Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti bildirib ki, ABŞ-nin həm enerji, həm texnologiya, həm də kritik minerallar sahələrində Mərkəzi Asiya və Qafqaza marağı getdikcə artır. O qeyd edib ki, ötən ilin avqustunda Prezident Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi, eləcə də C5 formatında Mərkəzi Asiya ölkələri rəhbərlərinin Vaşinqtonda qəbul olunması ABŞ-nin regiona strateji marağının və əməkdaşlığa verdiyi önəmin daha da artdığını göstərir.
Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ercan Kazıxan onlayn çıxışında bildirib ki, Qazaxıstan ABŞ və regional tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar görür. Onun sözlərinə görə, ölkəsi regional tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsal komponentinin inkişafı üzərində çalışır. Bu kontekstdə o, Qazaxıstanı və Azərbaycanı Xəzər dənizinin dibi ilə birləşdirəcək Trans-Xəzər fiber-optik kabel layihəsini xüsusi vurğulayıb. Kazıxan qeyd edib ki, layihənin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onlayn çıxışı zamanı bildirib ki, Orta Dəhliz artıq, sadəcə, nəqliyyat marşrutu olmaqdan çıxaraq Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir. Onun sözlərinə görə, hazırda bu transformasiyanın dərinləşdiyi mərhələ müşahidə olunur. Hikmət Hacıyev vurğulayıb ki, Körfəz regionu və Yaxın Şərqdə münaqişələrin kəskinləşdiyi bir dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır.
Özbəkistan Prezidentinin müşavirinin müavini Cavlon Vahabov bildirib ki, bütün Mərkəzi Asiya regionunun xarici bazarlara çıxışını genişləndirə biləcək alternativ marşrutların mövcudluğu böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Orta Dəhliz təkcə tranzit marşrutu deyil, həm də rəqabət qabiliyyətinin artırılması, dayanıqlığın gücləndirilməsi və iqtisadi inkişafın təşviqi baxımından strateji əhəmiyyət kəsb edir. Vahabov bu kontekstdə Trans-Xəzər ölkələri arasında əməkdaşlığın genişlənməsi istiqamətində əldə olunan irəliləyişi yüksək qiymətləndirib. O, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yükdaşımalar üçün icazə prosedurlarının sadələşdirilməsi və bu sahədə əldə edilən nailiyyətləri vurğulayıb.
Qırğızıstan Prezidentinin beynəlxalq təşəbbüslər üzrə xüsusi nümayəndəsi Edil Baisalov çıxışı zamanı Orta Dəhlizin həm Qırğızıstan, həm də bütövlükdə region üçün yaratdığı yeni imkanlardan bəhs edib. O, bu marşrutun regional əlaqələrin genişlənməsi, ticarətin inkişafı və iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirə xüsusi qonaq qismində qatılan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ABŞ, Mərkəzi Asiya və Qafqaz ölkələrinin artıq strateji baxımdan bir-birinə daha da yaxınlaşdığını deyib. O bildirib ki, bu fundamental dəyişiklik nəticəsində münasibətlər hazırda olduqca müsbət mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək, əhali üçün daha geniş iqtisadi inkişaf imkanları yaradacaq və ümumi təhlükəsizliyi gücləndirəcək.
Konfransın davamında “Orta Dəhliz: Strateji seçimin gücləndirilməsi və təhlükəsiz şəbəkələrin qurulması”, “Rəqəmsal suverenlik və sənaye süni intellekti: texnologiya növbəti inkişaf vektoru kimi”, “Kritik minerallar”, “Enerji təhlükəsizliyi: dəyişən qlobal bazarda Xəzər hövzəsi” və “Orta Dəhliz boyunca biznes investisiyaları” mövzularında panel müzakirələri keçirilib.
Panel sessiyalarında Azərbaycan, ABŞ və digər ölkələrdən dövlət qurumlarının nümayəndələri, ekspertlər, eləcə də Birləşmiş Ştatların biznes dairələrinin təmsilçiləri çıxış edərək müvafiq sahələr üzrə fikir və təcrübələrini bölüşüblər.
Global Art