Azərbaycanın enerji siyasətində yeni səhifə açılır. Uzun illər dünya bazarlarına neft və təbii qaz ixrac edən ölkəmiz indi bərpaolunan enerji sahəsində də regional və beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışır. Xəzər dənizinin enerji potensialını Qara dəniz üzərindən Avropa bazarları ilə birləşdirməyi hədəfləyən “Yaşıl Enerji Dəhlizi” layihəsi bu strategiyanın ən mühüm istiqamətlərindən biridir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumunda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinin ilk dəfə beynəlxalq investorlara təqdim olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq söhbət yalnız gələcək planlardan və enerji potensialından deyil, həmin potensialın real investisiyaya, yeni infrastruktur layihələrinə və ixrac imkanlarına çevrilməsindən gedir.
Forumun əsas məqsədi Azərbaycanın yaşıl enerji sahəsindəki imkanlarını beynəlxalq kapital və texnologiya ilə birləşdirmək, layihəni ideyadan praktiki icra mərhələsinə keçirməkdən ibarətdir.
“Yaşıl Enerji Dəhlizi”nin miqyası onun strateji əhəmiyyətini aydın göstərir. Təxminən 3000 kilometr uzunluğunda nəzərdə tutulan marşrut Azərbaycanı və Gürcüstanı Qara dəniz vasitəsilə Rumıniya və Macarıstanın elektrik şəbəkələri ilə əlaqələndirməyi hədəfləyir. Layihənin planlaşdırılan ötürmə gücü 4 GVt-dır.
Bu rəqəmlər sadəcə texniki göstəricilər deyil. Onların arxasında yeni ixrac bazarları, beynəlxalq əməkdaşlıq, enerji infrastrukturuna investisiyalar və Azərbaycanın regional iqtisadi mövqeyinin genişlənməsi dayanır.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 2022-ci il dekabrın 17-də imzalanmış strateji tərəfdaşlıq sazişi layihənin siyasi və institusional əsasını formalaşdırıb. İndi əsas vəzifə bu əməkdaşlığı konkret maliyyə mexanizmləri, texniki həllər və tikinti işləri ilə möhkəmləndirməkdir.
Avropanın enerji təchizatını şaxələndirməyə, bərpaolunan mənbələrdən əldə olunan elektrik enerjisinin payını artırmağa çalışdığı bir dövrdə Azərbaycan üçün belə bir marşrutun əhəmiyyəti daha da artır. Ölkəmiz bununla ənənəvi enerji ixracatçısı rolunu genişləndirərək gələcəkdə yaşıl elektrik enerjisinin də mühüm təchizatçılarından birinə çevrilmək imkanı qazanır.
Təxminən 3000 kilometrlik ötürmə marşrutu, 4 GVt planlaşdırılan ötürmə gücü və 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin çatdırılması hədəfi layihənin uzunmüddətli miqyasını nümayiş etdirir. Texniki-iqtisadi əsaslandırmada karbon emissiyalarının ildə 3,6 milyon tonadək azaldılması potensialı da qeyd olunur.
Azərbaycan üçün əsas məsələ isə bu potensialın iqtisadi dəyərə çevrilməsidir. Elektrik enerjisinin ixracı gələcəkdə ölkənin xarici ticarət strukturuna yeni gəlir mənbəyi əlavə edə, enerji sektorunun şaxələndirilməsinə və qeyri-neft iqtisadiyyatının inkişafına töhfə verəcək.
Forumun mühüm cəhətlərindən biri layihənin beynəlxalq maliyyə və biznes dairələrinin diqqətinə təqdim edilməsidir. Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, eləcə də “Masdar”, “ACWA Power”, “Brookfield Asset Management” və “Siemens Energy” kimi qurum və şirkətlərin iştirakı layihənin maliyyə, texnologiya və tərəfdaşlıq imkanlarının müzakirəsi üçün zəmin yaradır.
Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, istismara verilmənin isə 2032-ci ildən başlayaraq mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu qrafik qarşıdakı illərdə maliyyələşdirmə, texniki layihələndirmə və beynəlxalq razılaşmaların nə qədər əhəmiyyətli olacağını göstərir.
Rəsmi qiymətləndirmələrə görə, Azərbaycanın iqtisadi baxımdan qiymətləndirilmiş bərpaolunan enerji potensialı 27 GVt-dır. Quruda və dənizdə mövcud texniki imkanlar isə bundan xeyli genişdir. Lakin potensialın mövcudluğu öz-özlüyündə elektrik enerjisinin istehsalı və ixracı demək deyil. Bunun üçün yeni elektrik stansiyaları, gücləndirilmiş şəbəkələr, enerji balanslaşdırılması və etibarlı ötürmə infrastrukturu tələb olunur. Yaşıl Enerji Dəhlizi məhz bu zəncirin mühüm halqalarından biri ola bilər. Çünki enerji istehsalının artırılması ilə yanaşı, həmin enerjinin istehlakçıya çatdırılması və satış bazarlarına çıxarılması da vacibdir.
Layihənin ən mürəkkəb hissələrindən biri Qara dənizin dibi ilə elektrik enerjisi ötürən sualtı kabel sisteminin qurulmasıdır. Bu, yalnız böyük maliyyə vəsaiti deyil, həm də yüksək texnologiya, mühəndislik təcrübəsi və ciddi texniki hazırlıq tələb edən işdir. Sualtı kabelin çəkilməsi, yüksəkgərginlikli sabit cərəyan sistemlərinin qurulması, elektrik şəbəkələrinin uzlaşdırılması və uzunmüddətli təhlükəsiz istismarın təmin edilməsi layihənin uğurunu müəyyənləşdirəcək əsas amillər sırasındadır. Bu baxımdan dəhliz Azərbaycan üçün yalnız enerji ixracı layihəsi deyil, həm də müasir infrastruktur texnologiyalarının mənimsənilməsi və beynəlxalq texniki əməkdaşlığın genişləndirilməsi imkanları yaradır.
Bakıda keçirilən forumun Azərbaycan üçün əhəmiyyəti məhz bu məqamda üzə çıxır. Texniki-iqtisadi əsaslandırmanın beynəlxalq investorlara təqdim edilməsi layihənin planlaşdırılmasından icrasına keçid istiqamətində atılan addımdır. İndi qarşıda duran əsas vəzifə maliyyə mənbələrini müəyyənləşdirmək, investorlar üçün etibarlı şərtlər yaratmaq, tikinti və texnologiya risklərini idarə etməkdir.
Layihə uğurla həyata keçirilərsə, Azərbaycan Avropanın enerji bazarına yeni məhsulla çıxmaq, ixrac imkanlarını genişləndirmək, yaşıl enerji infrastrukturuna investisiyalar cəlb etmək və regional əməkdaşlığı gücləndirmək imkanı qazanaraq inkişaf istiqamətini davam etdirəcək.
“Yaşıl Enerji Dəhlizi” Azərbaycanın enerji tarixində yeni istiqamətin başlanğıcı ola bilər. Xəzərin küləyini və günəşin enerjisini Avropanın elektrik şəbəkələrinə çatdırmaq ideyası artıq beynəlxalq investisiya müzakirələrinin mövzusudur. İndi əsas məsələ bu ideyanı konkret müqavilələrə, tikintiyə və davamlı iqtisadi nəticələrə çevirməkdir.