Global Art
XəBəRLəR

Yeddinci “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalının qalibləri elan olunub

Yeddinci “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalının qalibləri elan olunub

Yeddinci “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanın üç şəhərində – Bakı, Şəki və Lənkəranda keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, on günə yaxın davam edən festival çərçivəsində film nümayişləri, ustad dərsləri, panel müzakirələri və müxtəlif xüsusi tədbirlər təşkil olunub.

Müsabiqə proqramı yalnız qısametrajlı filmləri əhatə edən üç bölmədən ibarət olub: Yerli qısametrajlı sənədli film müsabiqəsi, Beynəlxalq qısametrajlı sənədli film müsabiqəsi və Beynəlxalq AniDok müsabiqəsi.

Yerli müsabiqədə Azərbaycan sənədli kinosunun yeni nəslini təmsil edən yeddi film yarışıb. Beynəlxalq qısametrajlı sənədli film və AniDok müsabiqələrinin hər birində isə altı film mübarizə aparıb.

Proqramda, həmçinin cəmi beş ay əvvəl Berlin Film Festivalında dünya premyerası baş tutmuş Qazaxıstan istehsalı “Çay yuxuları” (River Dreams) filmi də nümayiş etdirilib. Filmin rejissoru Kristina Mixaylova da festivalın xarici qonaqları arasında olub.

Festivalın bağlanış mərasimində müsabiqə qalibləri elan olunub.

Beynəlxalq AniDok müsabiqəsinin qalibi Matea Radiçin “Paradaïz” filmi seçilib. Beynəlxalq qısametrajlı sənədli film müsabiqəsində Marianna Corcia Markezinin “Tamamilə fərqli, tamamilə eyni” filmi mükafata layiq görülüb. Yerli qısametrajlı sənədli film müsabiqəsinin qalibi isə Suad Qaranın “Xəzər üçün rekviyem” filmi olub.

Global Art

Daha çox