Global Art
XəBəRLəR

Azərbaycanın orta güc kimi artan rolu BMTM-də keçirilən konfransda müzakirə olunub

Azərbaycanın orta güc kimi artan rolu BMTM-də keçirilən konfransda müzakirə olunub

İyunun 24-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfrans keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 25-də keçirilən müşavirədə ölkəmizin beynəlxalq münasibətlər sistemində artıq orta güc statusuna yüksəldiyini vurğulaması fonunda təşkil olunub.

Tədbirdə Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun nəticələri, tərəfdaşlıqların genişləndirilməsi və çoxtərəfli diplomatiyanın təşviqi istiqamətində əldə edilən nailiyyətlər orta güc konsepsiyası çərçivəsində nəzəri və praktiki baxımdan təhlil edilib.

Konfransda dövlət qurumlarının, beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, ekspertlər, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən “Orta güc konsepsiyası və Azərbaycan təcrübəsi” adlı birinci paneldə orta güc modelinin nəzəri-konseptual əsasları, Azərbaycanın bu statusda formalaşmasına təsir edən amillər, eləcə də ölkənin xarici siyasətinin təkamülü və transformasiyası müzakirə olunub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov, BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov və Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov “orta güc” anlayışının mahiyyəti və müasir beynəlxalq münasibətlər sistemində yeri, bu konsepsiyaya dair nəzəri yanaşmalar, Azərbaycanın orta güc kimi yüksəlişini şərtləndirən amillər, həmçinin xarici siyasətdə strateji muxtariyyət və balanslaşdırılmış diplomatiya məsələləri barədə fikirlərini bölüşüblər.

BMTM-in şöbə müdiri Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən “Azərbaycanın orta güc kimi regional və qlobal rolunun təzahürləri” adlı ikinci panel isə dövlətimizin orta güc statusu çərçivəsində həyata keçirdiyi fəaliyyətlərə həsr olunub.

Panel müzakirələrində Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış edərək Azərbaycanın regional sabitlik və əməkdaşlığın təşviqində rolu, enerji diplomatiyası vasitəsilə beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr, Orta Dəhlizin inkişafında və beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsində oynadığı rol, eləcə də qlobal təşəbbüslər və beynəlxalq əməkdaşlıq platformalarında artan fəallığı ilə bağlı fikirlərini səsləndiriblər.

Konfrans sual-cavab sessiyası ilə davam edib.

Global Art

Daha çox