Bu, yalnız bp tərəfindən həyata keçirilən layihə deyil. Bu, bp ilə yanaşı, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrində bizimlə birgə çalışan tərəfdaşlarımızın dəstəyi ilə reallaşdırılan təşəbbüsdür. Fürsətdən istifadə edərək, onların hər birinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse- prezidenti Bəxtiyar Aslanbəyli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və bp-nin tərəfdaşlığı ilə Yeni Klinikada yaradılan Tibbi Tədris-Simulyasiya Mərkəzinin açılış mərasimində çıxış edərkən deyib.
“bp-nin Azərbaycandakı fəaliyyəti artıq 30 ildən çoxdur davam edir. Bu müddət ərzində şirkət Azərbaycan dövləti ilə əməkdaşlıq çərçivəsində ölkənin neft-qaz ehtiyatlarının səmərəli istifadəsinə və milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verib. Qarşıdakı ən azı 25 il ərzində də fəaliyyətini davam etdirməyi planlaşdıran bir şirkət olaraq özümüzü yalnız neft-qaz layihələrinin operatoru kimi deyil, eyni zamanda, Azərbaycanın sosial həyatının ayrılmaz bir hissəsi və cəmiyyətin məsuliyyətli korporativ vətəndaşı kimi görürük. Məhz bu yanaşmadan irəli gələrək müxtəlif istiqamətlərdə sosial layihələr həyata keçiririk”, - deyə o vurğulayıb.
Bəxtiyar Aslanbəyli layihələrin əhatə dairəsinin kifayət qədər geniş olduğunu deyib: “Təhsil, ətraf mühitin mühafizəsi, kiçik və orta sahibkarlığa dəstək, zəngin mədəni-tarixi irsin qorunması və təbliği istiqamətində çoxsaylı təşəbbüslərimiz var. Bu layihə isə xüsusi əhəmiyyət daşıyır. Çünki birbaşa tibb sahəsinə aid olsa da, mahiyyət etibarilə güclü tədris komponentinə malikdir. İnanıram ki, Tibbi Tədris -Simulyasiya Mərkəzi gələcəkdə tibb işçilərinin peşəkar inkişafına və yeni nəsil tibb kadrlarının hazırlanmasına mühüm töhfə verəcək. Ümumiyyətlə, müxtəlif sahələrin inkişaf dinamikasına nəzər saldıqda görürük ki, tibb elmi-texniki nailiyyətlərin tətbiqi baxımından ən sürətlə inkişaf edən sahələrdən biridir. Son 15-20 ildə neft-qaz sənayesi, nəqliyyat və digər sahələr böyük inkişaf yolu keçsə də, tibb sektoru bu baxımdan xüsusilə ön sıralardadır. Bu sahə sürətlə inkişaf etdikcə, həm vətəndaş, həm də özəl sektorun nümayəndəsi kimi bizim də məsuliyyətimiz dövlət tibb müəssisələrinin bu inkişaf tempinə uyğunlaşmasına dəstək vermək, elmi-texniki yeniliklərin tətbiqinə öz töhfəmizi verməkdir. Məhz buna görə çox məmnunam ki, bu layihə uğurla həyata keçirilib. Biz tibb mütəxəssislərinin peşəkarlığına, təcrübəsinə və düzgün qərarlarına inanaraq onların zəruri hesab etdikləri layihələrin həyata keçirilməsi üçün üzərimizə düşən dəstəyi göstərməyə çalışmışıq. Ümid edirik ki, bu layihə ölkənin səhiyyə sisteminin inkişafına real fayda verəcək və uzunmüddətli müsbət nəticələr yaradacaq”.
Global Art