İspaniyalı alimlərin apardığı araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda əzələ sağlamlığının qorunmasına və orqanizmin yaşla əlaqədar zəifləməsinin yavaşlamasına kömək edə bilər.
Global Art Baku.ws-a istinadən xəbər verir ki, tədqiqatçılar 54 elmi araşdırmanın nəticələrini təhlil edərək kofein, polifenollar və triqonellin kimi qəhvənin əsas komponentlərinin orqanizmə təsirini araşdırıblar.
Nəticələr göstərib ki, bu maddələr hüceyrələr üçün enerji istehsal edən mitoxondrilərin fəaliyyətinə müsbət təsir göstərə bilər. Bundan başqa, həmin komponentlərin iltihabi proseslərin və oksidləşdirici stresin azalmasına, əzələ toxumalarında yağ və qlükoza mübadiləsinin tənzimlənməsinə kömək etdiyi müəyyənləşdirilib.
Statistik müşahidələrə əsasən, müntəzəm qəhvə içən insanlarda sarkopeniya və yaşlılıq zəifliyi sindromuna daha az rast gəlinir.
Bununla belə, mütəxəssislər qəhvəni əzələ kütləsinin qorunması üçün təsdiqlənmiş profilaktik vasitə hesab etməyə hələ tez olduğunu bildirirlər. Onların fikrincə, qəhvənin insanlarda əzələ kütləsinə birbaşa təsirini dəqiq müəyyənləşdirmək üçün daha genişmiqyaslı klinik araşdırmalara ehtiyac var.
Qeyd edək ki, araşdırmada qəhvənin tərkibindəki müxtəlif maddələrin orqanizmə mümkün faydaları araşdırılıb; bu nəticələr qəhvənin bütün insanlar üçün eyni dərəcədə faydalı olduğu anlamına gəlmir.