Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqi Azərbaycanın baxışlarını və mövqeyini geniş şəkildə ortaya qoyan mühüm bir çıxış idi. Çünki burada həm daxili, həm də xarici siyasətlə bağlı məsələlərə toxunuldu və xüsusilə xarici siyasətə böyük diqqət ayrıldı.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov “YAP-ın Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusuna həsr olunmuş dəyirmi masada səsləndirib.
O bildirib ki, Prezident müxtəlif strukturlar, o cümlədən beyin mərkəzləri və təşkilatlar üçün qarşıdakı dövrdə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən yol xəritəsinin nədən ibarət olduğunu ortaya qoydu.
"Cəmiyyətimizin ictimai-siyasi elitasında təmsil olunan hər bir mərkəz və qurum da öz fəaliyyət istiqamətinə uyğun olaraq bu tezisləri nəzərə almalı və müvafiq strategiyasını formalaşdırmalıdır. Burada xüsusilə önəmli məsələlərdən biri təhlükəsizlik məsələsidir. Çünki təhlükəsizlik və inkişaf bir-birini tamamlayan iki mühüm məfhumdur. Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək, təbii ki, çox çətindir", - deyə A. Allahverənov vurğulayıb.