Global Art
XəBəRLəR

Dövlət Uşaq Filarmoniyasında “Victor Viva-Music” Beynəlxalq Müsabiqəsi keçiriləcək

Dövlət Uşaq Filarmoniyasında “Victor Viva-Music” Beynəlxalq Müsabiqəsi keçiriləcək

Dövlət Uşaq Filarmoniyasında il ərzində çoxsaylı müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Noyabrın 1-2-də Filarmoniyada “Victor Viva-Music” Beynəlxalq Müsabiqəsi keçiriləcək. Müsabiqənin qalibləri Nyu-York şəhərindəki “Carnegie Hall” səhnəsində çıxış etmək imkanı qazanacaqlar.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə deyib.

O bildirib ki, Uşaq Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində uğurlu çıxış edib. Həmçinin sentyabrın 25-də Filarmoniyada maraqlı konsert proqramı təqdim olunacaq: “Biz çalışırıq ki, konsert proqramlarımız hər zaman orijinal, maraqlı və yaddaqalan olsun. Qarşıdakı konsertdə Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri, Uşaq Xoru Kapellası və solistlərimiz çıxış edəcəklər. Sənətçilər həm orkestrin müşayiəti ilə, həm də solo proqramla tamaşaçılar qarşısında səhnəyə çıxacaqlar. Bundan əlavə, uşaqlarımız solistlərin ifa etdiyi musiqilərə uyğun olaraq hazırladıqları bir neçə maraqlı rəqs nömrəsini də təqdim edəcəklər”.

Səidə Tağızadə qarşıdakı dövrdə Filarmoniyada çoxsaylı konsertlərin və müxtəlif tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. “Ötən dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası ilə birgə böyük uğurla təşkil etdiyimiz “Uşaq Dünyası” Beynəlxalq Festivalının ikinci dəfə keçirilməsini də planlaşdırırıq. Bundan başqa, bir sıra əməkdaşlıq memorandumlarının imzalanması nəzərdə tutulur”, – deyə o əlavə edib.

Daha çox