Məqsədimiz keçmişi sadəcə səhnələşdirmək deyil, bunu günümüzün bir hissəsinə çevirməkdir. İstəyirik ki, bu bir ənənəyə çevrilsin. Niyə bizim qarderobumuzda, hər birimizdə bir milli geyimimiz olmasın? Niyə biz ildə azı bir dəfə İçərişəhərə o geyimləri geyinib gəlməyək? Hər kəs bilsin ki, ildə bir dəfə İçərişəhərdə belə bir bayram olur. Milli geyimini geyin, İçərişəhərə gəl.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İçərişəhərdə keçirilən “Milli Geyimlər Günü”ndə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.
“Bu gözəl bayram, məncə, hamımız üçün lazımdır. Bu gün bizimlə olan xarici qonaqlardan neçə ölkənin milli geyimlərini burada gördük, neçə ölkənin və xalqın mədəniyyətini hiss etdik. Məncə, bizim hamımızın haradasa bir borcudur ki, bu ənənəni davam etdirək. Gəlin, bu gözəl ənənənin başlanğıcını elə bu günə sayaq", - deyə o əlavə edib.