Global Art
MüSAHIBəLəR

Heriot-Watt Dubay Universitetinin Rektoru, Professor Hizer Makqreqor: Əzm, İddia və Təsir Dolu Bir Həyat

Heriot-Watt Dubay Universitetinin Rektoru, Professor Hizer Makqreqor: Əzm, İddia və Təsir Dolu Bir Həyat

Bankçılıq və sahibkarlıqdan tutmuş jurnalistika, akademik fəaliyyət və ali təhsil sahəsində rəhbərliyə qədər uzanan bir yolda Professor Hizer Makqreqor maraq, cəsarət və inkişafa sarsılmaz bağlılıqla səciyyələnən bir karyera qurmuşdur. Keçmiş bankir və sahibkar, istedadlı yazıçı və yayımçı, 17 il ərzində "Financial Times" qəzetinin köşə yazarı və biznes təhsili sahəsində aparıcı simalardan biri kimi o, peşəkar həyatın ənənəvi sərhədlərini daim aşmağa nail olmuşdur.

Bu gün Heriot-Watt Dubay Universitetinin rektoru kimi fəaliyyət göstərən Professor Hizer Makqreqor özünün bu zəngin təcrübəsini yeni nəsil tələbələrlə bölüşür; o, tələbələri daim maraqlı olmağa, mənalı əlaqələr qurmağa və qarşıdakı yolu yenidən nəzərdən keçirməkdən çəkinməməyə təşviq edir.

Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani ilə səmimi və məzmunlu söhbətində Professor Makqreqor ambisiyalarını formalaşdıran amillər, karyerasını dəyişdirən risklər, ən qeyri-ənənəvi qərarlarının arxasında dayanan dəyərlər və onilliklər boyu qazandığı uğurlara baxmayaraq, nə üçün öz qarşısına daim yeni hədəflər qoymağa davam etməsi barədə fikirlərini bölüşür.


— Professor Makqreqor, sizinlə burada görüşmək çox xoşdur! Karyeranız Sizi biznes, bankçılıq, jurnalistika, akademik fəaliyyət və sahibkarlıq sahələrinə; Böyük Britaniya, Avstraliya, Honkonq, Sinqapur, Yaponiya və indi isə BƏƏ kimi ölkələrə aparıb. Siz həmçinin 17 il ərzində "Financial Times" üçün yazmısınız, Honkonq Universitetində doktorluq dərəcəsi almısınız və təhsil sahəsində yüksək vəzifələrdə çalışmısınız. Siz həqiqətən çoxşaxəli və zəngin təcrübəyə malik bir şəxsiyyətsiniz. Belə bir xarakterin formalaşmasına nə təsir edib? Məktəb illərində necə biri idiniz?

— Təşəkkür edirəm! Hətta məktəb illərində belə maraq dairəmdə həmişə biznes olub. 13 yaşım olanda çox yaxşı bir iqtisadiyyat müəllimim var idi. O, bizə mərkəzi bankın faiz dərəcələri, ölkənin borcu və dövlət istiqrazları arasındakı əlaqəni izah edirdi və bu, məni heyran etmişdi. Düşünürəm ki, yaxşı müəllimlər insan üzərində ömürlük təsirə malik ola bilərlər. Boş vaxtlarımda ən çox sevdiyim məşğuliyyət hələ də biznes mövzusunda kitablar oxumaqdır. Hazırda NVIDIA haqqında bir kitab oxuyuram. Universitetdə iqtisadiyyat üzrə təhsil almaq istəyirdim, amma fərqli bir yol seçdim. Böyük Britaniyadakı Nyukasl Universitetində kənd təsərrüfatı, aqrar iqtisadiyyat və aqrar marketinq ixtisasları üzrə təhsil aldım. Qida istehsalı, brendinq, satış və fermadan süfrəyə qədər bütün təchizat zənciri ilə bağlı biliklərə yiyələndim.

Məktəbdəki həmin iqtisadiyyat müəllimi həyatımda dönüş nöqtəsi oldu. Düşünürəm ki, biznesə və proseslərin necə işlədiyini anlamağa daim maraq göstərməyimin səbəblərindən və həyatıma təsir edən amillərdən biri də məhz bu idi.

— Həmçinin, istiqamətinizi dəyişməkdən heç vaxt çəkinməmisiniz. Ölkələr və sahələr arasında keçidlər etmisiniz: kommunikasiya və bankçılıqdan jurnalistika və sahibkarlığa, daha sonra isə ali təhsil sahəsinə keçmisiniz. Bütün bunları edərkən həm də ailə qayğıları ilə məşğul olub, doktorluq dərəcəsi üzərində işləmisiniz. Bu cür cəsarətli addımlar atmağa sizə hansı amil inam verirdi?

— Düşünürəm ki, mən çox iddialı insanam. "Mrs Moneypenny's Careers Advice for Ambitious Women" ("Mrs Moneypenny-nin iddialı qadınlar üçün karyera məsləhətləri") adlı bir kitab yazmışam, yəni iddialı bir auditoriya ilə ünsiyyətdə oluram. Məsələ mütləq strateji yanaşmaya sahib olmaqda deyil, əsas odur ki, iddialı olasınız. Əslində, Cəmalə xanım, Siz də artıq eyni anda üç fərqli işlə məşğul olursunuz: tələbə, iş qadını və jurnalistsiniz. Burada bir-biri ilə söhbət edən iki çox əzmli qadın var, sadəcə aramızda bir neçə nəsil fərqi mövcuddur. Bu, eyni prinsipdir, bilirsinizmi? Əgər bir iş görmək istəyirsinizsə, hədəfinizi yüksək tutmalısınız. Aya çatmaq istəyirsinizsə, ulduzları hədəfləməlisiniz. Həmişə çox yüksəyi hədəfləmək lazımdır. Belə olduqda, hətta yolun dörddə üçünü belə qət etsəniz, yenə də daha yüksəkdə olursunuz. Buna görə də mən həmişə özümə çox yüksək hədəf qoymuşam.

"Misis Manippenninin iddialı qadınlar üçün karyera məsləhətləri", müəllif: Professor Hizer Makqreqor

Karyeramda dəfələrlə istiqamət dəyişikliyi etmişəm. İyirmi yaşımda şirkətlərin daxilində kommunikasiya sahəsində çalışır, həmin şirkətlərin fəaliyyətini investorlar icmasına izah edirdim. Bir müddət düşündükdən sonra qərara gəldim ki, bankla sadəcə əməkdaşlıq etmək yox, birbaşa onun daxilində işləmək istəyirəm; buna görə də London Biznes Məktəbində MBA dərəcəsi aldım və otuzlu yaşlarımda bankçılıq sahəsində fəaliyyət göstərdim.

İyirmi yaşımda bir müddət Avstraliyada, otuz yaşımda isə Honkonq, Sinqapur və Tokioda yaşadım. Tokioda bankda geniş bir heyətə rəhbərlik edir və bankın böyük bir hissəsini idarə edirdim. Bütün bunları edərkən eyni zamanda övlad böyüdür, ailə qayğıları ilə məşğul olur və doktorluq dissertasiyam üzərində işləyirdim. Deyərdim ki, bunu təkrarlamağa çalışmayın; bu, çox çətin və hətta ağlasığmaz dərəcədə gərgin bir prosesdir. Mən bir tərəfdən doktorluq işimi yazmağa, uşaqlarıma və həyat yoldaşıma qayğı göstərməyə, digər tərəfdən isə bankın fəaliyyətini davam etdirib gəlir gətirməsini təmin etməyə çalışırdım.

Yapon dilini bilmədiyim halda Yaponiyada yaşayır, holland dilini bilmədiyim halda isə Hollandiya bankında işləyirdim; buna görə də əlavə olaraq ciddi ünsiyyət çətinlikləri ilə üzləşirdim. Sonra, 1999-cu ilin oktyabrında "Financial Times" qəzetindən mənə zəng edib soruşdular: "Bütün bu işlərin arasında hər həftə 900 sözdən ibarət məqalə yazmaq istərdinizmi?" Bütün bunlar eyni vaxtda baş verirdi.

Əvvəlcə imtina etdim. Narahat idim ki, bank rəhbərliyi mənim başqa bir işlə məşğul olmağımı və bank haqqında yazılar yazmağımı bəyənməyə bilər. "Financial Times" mənə təxəllüslə yazmağı təklif etdi və beş il ərzində heç kim yazıları mənim yazdığımı bilmədi; bu, əsl sirr olaraq qalırdı.

— Həyatınızın bütün bu sahələrini idarə etmək, onları bir araya gətirmək və hər birində uğur qazanmaq həqiqətən heyranedicidir! Hekayənizdə çox güclü bir məqam hiss olunur: şəraitin çətin və ya qeyri-müəyyən olduğu anlarda belə dayanmadan irəliləmək əzmi. Sizcə, bu güclü iradə haradan qaynaqlanırdı?

— Dəqiq bilmirəm. Bilirəm ki, Sizin həyat tempinizi müəyyən edən möhtəşəm bir ananız var. Mənim də çox gözəl bir anam olub və hələ də yanımdadır. Onun 97 yaşı var, ümid edirəm ki, sağlamlığı yerində qalar. Anam heç vaxt universitetdə oxumayıb. Atam da universitetdə oxumamışdı və mən hələ kiçik olanda bizi tərk etmişdi. Ögey atam universitet təhsili almışdı, lakin onda böyük ambisiyalar yox idi. Buna görə də, içimdəki o əzmin haradan gəldiyini tam bilmirəm. Sadəcə, yerimdə durmaq istəmirdim; hərəkətə keçmək, irəliləmək istəyirdim. Üç övladım var və mən onları daha iddialı olmağa, həmçinin yaxşı ünsiyyət bacarıqlarına yiyələnməyə təşviq etmişəm, çünki ünsiyyət həqiqətən çox vacibdir. İnsanlarla danışmalı, onlarla ünsiyyət qurmalı və münasibətlər yaratmalısan.

Uğur həmişə maddi baxımdan yüksək gəlir gətirmir. Mən çoxmilyonçu deyiləm. Bəlkə də bank sektorunda qalsaydım, çoxmilyonçu ola bilərdim, amma elə qərarlar verdim ki, nəticədə potensial olaraq əldə edə biləcəyim sərvətə sahib olmadım. 30 yaşlarımda bank sahəsində çalışdıqdan sonra sahibkarlığa başladım. Sıfırdan biznes qurmaq əvəzinə, təxminən 40 yaşımda hazır bir biznesi satın aldım. Bankdan 1,8 milyon funt-sterlinq (o dövrün məzənnəsi ilə təxminən 2,5 milyon dollar) məbləğində kredit götürdüm. Evimi satmışdım, buna görə də heç bir təminatım yox idi və kirayə evdə yaşayırdıq. Başqasına məxsus olan həmin biznesi aldım, çünki onda potensial görürdüm, sahiblərində isə böyük ambisiyalar yox idi. Beləliklə, biznesi aldım, qarşıma yüksək hədəflər qoydum və onu qlobal miqyasda genişləndirdim: San-Fransisko, London, Nyu-York, Honkonq, Sinqapur və Frankfurt. Şirkət hələ də fəaliyyət göstərir.

Professor Hizer Makqreqor və Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani

16 illik sahibkarlıq fəaliyyətimdən sonra Heriot-Watt Universiteti mənə müraciət edərək biznes məktəbinə rəhbərlik etməyimi təklif etdi. Qarşımda biznesimlə bağlı bir seçim dururdu: onu satmalıydım? O, mənim üçün öz övladım kimi idi. Həmin vaxta qədər mən həm də Böyük Britaniyada imkanları və ya əlaqələri olmadığı üçün çətinlik çəkən, azlıq və immiqrant mənşəli gənc məzunlara kömək etmək məqsədilə xeyriyyə təşkilatı, fond yaratmışdım. Biz onların bacarıqlarını artırmaq və iş tapmalarına kömək etmək istəyirdik. Buna görə də şirkətin əldə etdiyi mənfəətin böyük hissəsini bu fonda yönəldirdim. Şirkəti satacağım təqdirdə, alıcının xeyriyyə fəaliyyətimizi dəstəkləməyəcəyindən narahat idim. Beləliklə, işçilərimə bildirdim ki, Heriot-Watt-da işləmək üçün Şotlandiyaya gedəcəyəm və iki il müddətinə rəhbərliyi onlara həvalə edəcəyəm. Onlara dedim ki, əgər şirkətin və xeyriyyə təşkilatının qayğısına qalsalar, şirkəti onlara pulsuz verəcəyəm. Həyat yoldaşım mənim dəli olduğumu düşünürdü, çünki mən bu biznesə 1,8 milyon funt-sterlinq sərmayə qoymuşdum. Lakin mən bunu etdim, çünki bilirdim ki, işçilər şirkətin dəyərlərini qoruyub saxlayacaqlar; biznesi almaq üçün borc götürməli olsalar və eyni zamanda xeyriyyə işlərini maliyyələşdirsələr, xeyriyyə təşkilatı fəaliyyətini davam etdirə bilməzdi. Üstəlik, biznes məktəbinə rəhbərlik edəcəyiniz zaman uğursuz bir biznesə sahib olmaq istəməzsiniz. İki ilin sonunda şirkət çox yaxşı nəticələr əldə etmişdi. 11 aprel 2019-cu ildə biznesi onlara təhvil verdim. Həmin vaxt onun dəyəri təxminən 5 milyon funt-sterlinq idi.

Həyat yoldaşım az qala mənimlə danışmaqdan imtina edəcəkdi. O, qocalıqda kasıb qalacağımızdan narahat idi. Mən isə dedim ki, bəlkə varlı olmayacağıq, amma nə kasıb, nə də ac qalacağıq; üstəlik, vəziyyəti bizdən daha pis olan çoxlu insanlar var.

— Beləliklə, həyatınızın çətin dövrlərində böhranın sizi müəyyən etməsinə imkan vermək əvəzinə, sanki özünüz üçün yeni bir çağırış yaradırsınız. Yeni bir məqsəd müəyyən etmək, qeyri-müəyyənlikdən çıxış yolunuzdurmu?

— Böhran zamanlarında diqqətimi cəmləmək üçün həmişə yeni bir məqsəd və ya yeni bir hədəf qoymağı sevirəm. Fikrimi böhrandan yayındırıb başqa bir şeyə yönəltmək üçün bir məşğuliyyətə ehtiyacım olur. 2008-2010-cu illərdəki maliyyə böhranı dövründə biznesim zərər gördü. Maaşımı yarıbayarı azaltdım və elan etdim ki, ilkin mərhələdə 30 yaşdan aşağı heç kim işdən çıxarılmayacaq. Bütün gəncləri şirkətdə saxlamaq istəyirdim, buna görə də bəzi yaşlı əməkdaşlarla yollarımı ayırmalı oldum.

Depressiyaya düşməmək üçün təyyarə idarə etməyi öyrənməyə qərar verdim. Hər həftəsonu hava limanına gedir və bunu öyrənirdim. Uçuş tam diqqət tələb edirdi. Təyyarə sürməyi öyrənərkən başqa heç nə haqqında düşünə bilməzsiniz. Hələ də uçuş lisenziyam var və vaxtilə uşaqlarım da mənimlə uçurdular.

COVID dövründə, növbəti bir böhran zamanı, Şotlandiyadakı Heriot-Watt Universitetində olarkən hər şey onlayn formata keçdi və bu, məni çox depressiyaya saldı. İkinci dəfə uçuş öyrənə bilməzdim, ona görə də həmişə arzuladığım bir işi görməyə — mühasib ixtisasına yiyələnməyə qərar verdim. İki ildən çox təhsil aldım, beş imtahan verdim və genişmiqyaslı peşəkar nailiyyət sənədini tamamladım. 60 illik yubileyimdən üç həftə əvvəl mühasib ixtisasına yiyələndim. Belə demək olar ki, məsələ insanın özünü çətin sınaqlara çəkməsi, həmçinin yeni bilik və bacarıqlara yiyələnməyə olan bitib-tükənməyən sevgi və həvəsidir.

Professor Hizer Makqreqor və Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani

— Heriot-Watt Universitetinin Dubay filialının rəhbəri və rektoru kimi, sizin hazırkı fəaliyyətiniz təkcə Biznes Məktəbi ilə məhdudlaşmır, həmçinin mühəndislik, memarlıq və dizayn sahələri də daxil olmaqla, bütün universiteti əhatə edir. Siz maraqlı tədbirlər, layihələr və tanınmış qonaqlarla müxtəlif görüşlər təşkil edirsiniz. Siz həm güclü tədris proqramı, həm də inkişafyönümlü və əlverişli mühit yaratmısınız. Tələbələrin təcrübəsinin formalaşdırılmasında və onların universitetdən sonrakı həyata hazırlanmasında öz rolunuzu necə görürsünüz?

— Mən altı il ərzində Şotlandiyada Biznes Məktəbinə – o cümlədən Dubay və Malayziyadakı biznes məktəblərinə – rəhbərlik etmişəm. Dubaya gəldikdən sonra isə mühəndislik, memarlıq və dizayn da daxil olmaqla, bütün fəaliyyət sahələrinə görə məsuliyyət daşıyıram. Hazırda 5200 tələbəmiz var. Onların hamısı ilə şəxsən görüşə bilməsəm də, həyatlarına müsbət təsir göstərmək və onlara geniş imkanlar yaratmaq istəyirəm. Məqsədim tələbələrin həyatında müsbət dəyişikliklərə nail olmaqdır. Düşünürəm ki, buna nail olmağın ən yaxşı yolu universiteti insanların ziyarət etmək və tələbələrimizlə ünsiyyət qurmaq istədiyi bir məkana çevirməkdir. Tələbələrimizin təcrübə keçməsi və işlə təmin olunması sahəsində uğurlu təcrübəmiz mövcuddur.

Məsələn, bizdə hər il memarlıq sərgisi keçirilir. BƏƏ-dən olan memarlar gəlib tələbələrimizin işləri ilə tanış olurlar və illər ərzində onların fəaliyyətini izlədikləri üçün çox vaxt hələ məzun olmadan onları işə götürürlər. Daha çox insanın bura gəlməsini təmin etmək vacibdir. Mən daim insanları dəvət edirəm. Bu səhər "Rolls-Royce" şirkətinin Azərbaycan da daxil olmaqla bütün region üzrə mühərrik bölməsinin rəhbəri ilə səhər yeməyi yedim. İstəyirdim ki, o, bura gəlsin, tələbələrlə söhbət etsin və "Heriot-Watt" haqqında daha çox məlumat əldə etsin. Əksər insanlar "Rolls-Royce"u yalnız avtomobillərlə əlaqələndirir, lakin onların mühərrikləri bir çox təyyarədə – demək olar ki, dünyadakı təyyarələrin yarısında – istifadə olunur. Beləliklə, mənim işim dünyanın "Heriot-Watt"a gəlməsini, tələbələrimizlə tanış olmasını və onları işə götürə bilməsini təmin etməkdən ibarətdir.

Biz həmçinin yeni James Watt binasını istifadəyə vermişik. Bina daha da gözəlləşdirilib, burada istirahət və dərs hazırlamaq üçün daha çox otaq nəzərdə tutulub. Əvvəllər yer çatışmazlığı səbəbindən tələbələr uyğun məkan axtarır, bəzən döşəmədə və ya dəhlizlərdə oturmalı olurdular. İndi isə onların dərs oxumaq və dostları ilə vaxt keçirmək üçün daha geniş məkanları var.

— Professor Makqreqor, Siz öz karyeranız ərzində iş mühitinin necə köklü şəkildə dəyişdiyinin şahidi olmusunuz. Sizcə, gənclər qarşıdakı onilliklərdə tələb olunan və çətinliklərə dözümlü qalmaq üçün hansı keyfiyyət və bacarıqları inkişaf etdirməlidirlər? Gənclərə nə məsləhət görərdiniz?

— Bugünkü tələbələr mənim universitetdən məzun olduğum dövrlə müqayisədə tamamilə fərqli bir əmək bazarı ilə üzləşirlər. Onların ömür boyu yalnız bir işdə çalışacaqlarını gözləmirəm. Karyeralar dəyişir – mənimki kimi. Və bu dəyişikliklər hazırda proqnozlaşdıra bilmədiyimiz istiqamətlərdə davam edəcək. Əmək bazarının 20 ildən sonra necə olacağını bilmirik. Daha dözümlü olmalı, iş dəyişməyə, hətta bəzən işsizlik və ya iş axtarışı dövrləri ilə üzləşməyə hazır olmalısınız. Süni intellekt dövründə müraciətlərin ilkin seçimi zamanı CV-nizlə fərqlənmək vacibdir.

Mən deyərdim ki, "Necə fərqlənə biləcəyiniz barədə düşünün". Bunun bir yolu ali təhsil diplomu ilə yanaşı, peşəkar ixtisas dərəcəsi, təcrübə proqramları, iş təcrübəsi və əlavə sertifikatlar əldə etməkdir. Yadımdadır, ağır yük maşını sürmək vəsiqəsi olan 21 yaşlı bir qızın CV-sinə baxmışdım. Düşündüm ki, bu, onun fərqli olduğunu göstərir. Beləliklə, necə fərqlənə biləcəyiniz barədə düşünün.

Digər bir məsələ isə odur ki, hər kəsin qısa və təsirli təqdimata və ya fəaliyyətinin əsas məqsədini ifadə edən bəyanata ehtiyacı var. Məsələn, əgər memarlıq fakültəsinin tələbəsisinizsə, deyə bilərsiniz: "Mən dünya üçün dayanıqlı layihələr hazırlamağa sadiqəm". Mənim öz bəyanatım belədir: "Mən əlaqələr qururam və bu əlaqələri başqaları üçün imkanlar yaratmaq məqsədilə qururam". Mən əməkdaşlarımızın hər birindən belə bir bəyanat hazırlamağı tələb edirəm və bunu birinci kurs tələbələrimizə də öyrədirik. Hər kəsin kim olduğunu və ambisiyalarının nədən ibarət olduğunu izah edən şəxsi bəyanata ehtiyacı var.

Beləliklə, sizə əlavə ixtisas və təcrübə proqramı lazımdır, həmçinin özünüzü yaxşı ifadə edə bilməlisiniz. Əgər utancaqsınızsa, ünsiyyət bacarıqlarınıza və özünüz haqqında daha yaxşı danışmağı öyrənməyə vaxt ayırın; özünüzü düzgün təqdim edə bildiyinizdən əmin olun. Çünki dəfələrlə iş dəyişməli olduğunuz bir dünyada çoxsaylı iş müsahibələrindən keçməli olacaqsınız. Məsələn, video formatında iş müraciətləri zamanı özünüz haqqında danışa bilmək bacarığı tələb olunur.

— Sonda, gənc bir insan karyerasının başlanğıcında dayanarkən, qarşılaşdığı çətinlik çox vaxt sadəcə peşə seçimi deyil, həm də hansı istiqamətin ona həqiqətən uyğun olduğunu anlamaq məsələsidir. Həmin istiqaməti tapmağa çalışan, lakin səhv seçim etməkdən və ya komfort zonasından çıxmaqdan çəkinən gənclərə nə deyərdiniz?

— "Heriot-Watt"da çıxış edən Ed yaxşı bir nümunə idi (Redaktordan: Böyük Britaniyanın Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfiri cənab Edvard Hobart). Universitetə ​​daxil olanda o, hüquqşünas olmaq istəyirdi, lakin məzun olana qədər artıq bu istəyindən vaz keçmişdi. Düşünürəm ki, insanlar nə istədiklərinə qərar versələr belə, həmişə açıq fikirli olmalıdırlar.

Özünüzə sual verməlisiniz: məsələn, həqiqətən hüquqşünas olmaq istəyirsiniz, yoxsa sadəcə yaxşı iş yeri kimi göründüyü üçün hüquq şirkətində çalışmaq arzusundasınız? Əlbəttə ki, hüquq şirkətləri hüquqşünasları işə götürür. Lakin onlar həmçinin insan resursları, marketinq, maliyyə və bir çox digər sahələrdə də mütəxəssislər işə qəbul edirlər.

Əgər "Goldman Sachs"da işləmək istəyirsinizsə, milyonlarla insanın müraciət etdiyi investisiya bankçılığı sahəsinə yönəlmək əvəzinə, şirkətdəki digər vəzifələri araşdırın. İçəri daxil olun, yaxşı təəssürat yaradın və gələcəkdə başqa bir vəzifəyə keçid edə bilərsiniz. Gənclər yaradıcı düşünməli və özlərini yalnız bir işlə məhdudlaşdırmamalıdırlar. Artıq vəziyyət əvvəlki kimi deyil.

— Hörmətli professor Makqreqor, bu söhbət üçün Sizə çox təşəkkür edirəm! Sizə möhkəm cansağlığı, uğurlar və bütün fəaliyyətinizi, həmçinin möhtəşəm layihələrinizi davam etdirmək üçün bol enerji arzulayıram!

— Çox sağ olun! Təşəkkür edirəm!

Müsahibə Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani tərəfindən aparılıb

Heriot-Watt Dubay Universitetinin Rektoru, Professor Hizer Makqreqor: Əzm, İddia və Təsir Dolu Bir Həyat — 1

Daha çox