Mədəni irsin qorunması, şəhərsalma siyasəti və tarixi məkanların müasir dünyanın ritmi ilə uzlaşdırılması bu gün qlobal gündəliyin ən mühüm məsələlərindən biridir. Azərbaycan isə bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələr, beynəlxalq platformalara ev sahibliyi və peşəkar yanaşması ilə regionun aparıcı mədəniyyət mərkəzlərindən biri kimi diqqət çəkir.
Bakının ürəyi sayılan və UNESCO Dünya İrs Siyahısına daxil edilmiş qədim İçərişəhər yalnız tarixi abidələr kompleksi deyil, həm də yaşayan mədəniyyət fenomenidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə Global Art ilə ekskluziv söhbətimizdə forumun əhəmiyyəti, beynəlxalq dialoqun rolu və gənc mütəxəssislərin gələcək şəhərsalma proseslərində iştirakı barədə danışdıq.
— Rüfət müəllim, bu günün önəmi, forumun keçirilməsi və üç gün ərzində baş verən prosesləri necə qiymətləndirirsiniz?
— Çox yüksək qiymətləndirirəm. Çünki gördüyümüz kimi, bu forum artıq olduqca önəmli və nüfuzlu beynəlxalq platformaya çevrilib. Burada müxtəlif ölkələrdən gələn memarlar, şəhərsalma mütəxəssisləri, tədqiqatçılar və beynəlxalq ekspertlər bir araya gələrək müasir şəhərlərin inkişaf perspektivlərini, mədəni irsin qorunması məsələlərini və gələcəyin urbanistik yanaşmalarını müzakirə edirlər.
Bu gün iştirak etdiyimiz sessiyada ən önəmli məqamlardan biri məhz gənc mütəxəssislərimizin fəal iştirakı idi. Hesab edirəm ki, belə platformalar onların peşəkar inkişafı baxımından son dərəcə vacibdir. Gənc memarlar və şəhərsalma üzrə çalışan mütəxəssislər daha təcrübəli ekspertlərdən, beynəlxalq peşəkar çevrələrdən və müxtəlif ölkələrin uğurlu təcrübələrindən öyrənmək imkanı əldə edirlər.

Forum çərçivəsində olduqca aktual və vacib mövzular ətrafında maraqlı diskussiyalar aparılır. Bu müzakirələr yalnız nəzəri baxımdan deyil, praktiki yanaşmalar və real şəhərsalma həlləri baxımından da böyük əhəmiyyət daşıyır. Müasir şəhərlərin inkişafında tarixi irsin qorunması ilə innovativ yanaşmalar arasında balansın yaradılması əsas prioritetlərdən biridir.
Məhz forumun əsas dəyəri də buradadır: fərqli baxışların, təcrübələrin və ideyaların bir platformada birləşməsi. Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi isə ölkəmizin beynəlxalq humanitar və mədəni dialoq məkanına çevrildiyini bir daha nümayiş etdirir.
— Təşəkkür edirik!
— Çox sağ olun!
Global Art